09:23

Xəstə heyvan verirlər, qapıdan girəndən üç gün sonra ölür: -Deputat


Şəhid ailələri və veteranlara hansı güzəştlərin verilməsi ilə bağlı çoxlu qanunlar, Prezidentin Fərmanı, icra hakimiyyətlərinin sərəncamları var.

Resmixeber.info APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və müharibə veteranlarının hüquq və imtiyazları ilə bağlı məlumatı portalda yerləşdirsə, onlar hüquqları barədə məlumatı ordan öyrənə bilərlər:

“Bundan başqa, özünüməşğulluqla bağlı proqram çox yaxşıdır. Amma proqramın həyata keçirilməsi mexanizmində problemlər var. Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə iki inək verirsən, ona bir illik qarantiya da verin. Heç olmasa üç aylıq da onun yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır.

Eyni zamanda müharibə veteranları ilə bağlı müraciətlər olur. Onlar əlilliklə təyinatı almaq üçün müraciət edirlər. Ola bilər hansısa kompüter, aparat onu göstərə bilmir. Əgər qucağında silahla kazarmada yatmamısansa, bunu dərk edə bilməzsən. 5 dil bilə bilərsən, amma yanında döyüş yoldaşının ölməsi ilə keçirilən psixoloji sarsıntını heç kəs bilə bilməz”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, şəhid ailələrinin imtiyazları barədə məlumatlar elektron sistemdə yerləşdirilib:

“Bununla bağlı bukletlər də çap olunub. Təqdim olunan heyvanlarla bağlı isə araşdırılmamış məlumatlar verilməsin. Təqdim olunmuş heyvanlarla barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin arayışları olur. Araşdırmamış heç kim heç nə deməsin”.