22:28

Bakıda film kimi dələduzluq: Ağlayan qadının 68 min manatını mənimsədi


Bakıda avtomobildə oturub ağlayan qadının 68 425 manat pulunu mənimsəyən şəxsə hökm oxunub.
Resmixeber.infonun "Qaynarinfo"ya istinadla məlumatına görə, 1992-ci ildə Kəlbəcər şəhərində anadan olmuş Əli Cəfərova (soyad şərti) Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
Məlum olub ki, Əli idarə etdiyi "Range Rover" markalı avtomobillə metronun "Həzi Aslanov" stansiyası istiqamətində hərəkətdə olarkən yolda Səbinə (şərti) adlı qadınla tanış olub. Onların tanışlığı isə Əlinin qadının ağlamasını görüb, ona yaxınlaşması ilə baş tutub.
Belə ki, Əli Neyrocərrahiyyə xəstəxanasının qarşısında, işıqfor önündə dayanarkən yanında dayanmış ağ rəngli "Hyundai Santa Fe" avtomobilini idarə edən bir xanımın sükan arxasında əyləşib ağladığını görüb. Əli ondan ağlamasının səbəbini soruşub. Qadın isə ailə məsələsi ilə bağlı problem səbəbindən ağladığını deyib.
Bundan sonra Əli ona ürək-dirək verib, xoş sözlər deyib və nəticədə tanışlıqları yaranıb. Əli ona ilk görüşdən diqqət göstərib, özünü varlı iş adamı kimi təqdim edib. Hətta ölkənin sayılıb-seçilən bir generalının adamı olduğunu deyib və sübut kimi "Getcontact" proqramında öz mobil telefon nömrəsinin "Generalın adamı", "General dediyi adam" və s. başqa adlarla yazıldığını göstərib.
Əli ilk tanışlıqlarında qadına özünün lüks həyat yaşadığını, yalnız "Brioni", "Cavali" kimi bahalı brend dükanlardan geyim aldığını və geyindiyini də deyib. Beləcə qadını qurduğu işə şərik olmağa dəvət edən Əli ondan müxtəlif yollarla 68 425 manat alaraq, mənimsəyib.
Səbinə dələduzluğa məruz qaldığını anladıqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Aparılan araşdırma zamanı məlum olub ki, Əlinin heç vaxt avtomobili və imkanı olmayıb. O, "Rent a Car"dan avtomobil götürərək, dələduzluq edib. Geyindiyi geyimlər də saxta məhsullar olub və heç bir vəzifəli şəxslə də əlaqəsi olmayıb.
Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 7 il azadlıqdan məhrum edilib.