31 mart - Azərbaycanlıların soyqırımından 106 il ötür
Hər bir xalqın tarixində elə hadisələr olur ki, bu hadisələr uzun zaman keçsə də unudulmur, nəsillər, qərinələr bir-birini əvəz etsə də xatırlanır, yeni nəsillərin də yaddaşına həkk olunur. Xalq nə yaxşılığı, nə də yamanlığı unuda bilmir. 31 mart qırğını da xalqımızın tarixinə, onun taleyinə qanlı hərflərlə yazılmışdır. Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş soyqırımın 106 ili tamam olur. Tarix boyu dəfələrlə ermənilər azərbaycanlılara qarşı qırğınlar törədiblər. Bunların sırasında miqyasına görə 1918-ci ilin mart ayında törədilmiş qətliyam daha böyükdür. Ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə hər il 31 mart Azərbaycan Respublikasında və bütün dünya azərbaycanlıları tərəfindən xalqımızın soyqırımı günü kimi qeyd olunur. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı
aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Əsrlər boyu erməni millətçiləri tərəfindən xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı cinayətləri həyata keçirilib. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında erməni- daşnak silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəsəbələrdə, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar və vandalizm aktları olub. On minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib, mədəniyyət abidələri, tarixi binalar və məscidlər dağıdılıb. Quba qəzasında soyqırım 1918-ci ilin aprel-may aylarında baş vermişdir. 1918-ci il mayın 1-də Hamazaspın komandanlığı altında 3 000 nəfərlik erməni silahlı birləşmələri Quba
şəhərinə hücuma keçmişdir. Hamazaspın silahlı dəstələri şəhəri dörd hissəyə bölərək hər hissədə ayrıca qərargah yaradırlar. Daşnak dəstələri amansızlıqla dinc əhalini öldürməyə və var- dövlətlərini talan etməyə başlayırlar. Təkcə birinci gün şəhərin aşağı hissəsində 713 nəfər azərbaycanlı öldürülür ki, onların da əksəriyyəti qadın və uşaqlar idi. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Komissiya mart soyqırımını - ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıb. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olunub.
Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərilib. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoyub. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları XX əsrin sonlarında bir daha təkrarlanıb. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutub. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələnib. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başlatdığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınıb. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olub.
Cənab Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində
yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş şəkildə qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilir. Tarix heç zaman unudulmur, həm də yazılır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda,Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906-cı, 1918-1920- ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə soyqırımına məruz qalıblar. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınıb. Azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı tarixin qanlı səhifələrindən biridir.
Hər il 31 mart tarixi Azərbaycan Respublikasında və bütün dünya azərbaycanlıları tərəfindən xalqımızın soyqırımı günü kimi qeyd olunur. 1918-ci il mart-aprel tarixləri Bakı, Şamaxı, Quba, və digər ərazilərdə azərbaycanlıların Bakı Soveti və erməni silahlı dəstələri tərəfindən kütləvi şəkildə öldürülməsi, öz yurd-yuvalarından sürgün edilərək repressiyalara tuş gəlməsi kimi qanlı hadisələrlə yaddaşlara həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyət zəminində qətlə yetirilmiş, bu ərazilərdə yerləşən azərbaycanlılara məxsus evlər yandırılmış, məktəblər, xəstəxanalar, məscid və digər infrastruktur və mədəni abidələr məhv edilmişdir. 1918-ci ilin mart qırğınları “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin azərbaycanlılara qarşı kütləvi qırğınının davamı idi. Mart hadisələrinin davamı bu gün də özünü azad olunmuş torpaqlarda göstərir.Ermənilərin türklərə qarşı bitib tükənməyən nifrəti özünü Qarabağ ərazisində də göstərir.Bu gün azad olunmuş Qarabağ torpaqlarında quruculuq işləri gedərkən yeni-yeni faktlar üzə çıxır.Belə ki,kütləvi məzarlıqlar aşkar olunur.Həmin torpaqlarda yüzlərlə günahsız insanları öldürərək kütləvi surətdə torpağa basdırmışlar.Hələ də insan sümüklərinin qalıqları aşkar olunmaqdadır.
Bu da ermənilərin nə qədər qaniçən və qəddar millət olduğunun daha bir sübutudur.
Bu gün xalqımız üçün ən böyük təsəlli ərazi bütövlüyümüzün təmin olunması,tarixi ədalətin bərpa edilməsidir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının illərdir necə vəhşi millətlə üz-üzə qaldığını nümayiş etdirdi. Şanlı Zəfərimiz bütün şəhidlərimizin, o cümlədən 31 Mart soyqırımı qurbanlarının qanını yerdə qoymadı. Azərbaycan tarixi Zəfəri ilə nəinki bölgəni, bütövlükdə dünyanı erməni faşizmindən xilas etdi. Azərbaycan xalqı tarix boyu başına gətirilən müsibətləri, erməni vəhşiliklərini heç zaman unutmayacaq və bu cinayətləri törədənləri bağışlamayacaq.
Allah soyqırımı qurbanlarına rəhmət eləsin!
Vəfa Mahmudova,
Tarix elmləri doktoru,dosent