Azərbaycanda taxılın tədarükü və satışı ilə məşğul olan “Orucoğlu Aqro” MMC şirkətinin təsisçisi və direktoru Qulu Orucov cinayət məsuliyyətinə cəlb edilib.
resmixeber.info xəbər verir ki,1987-ci il təvəllüdlü Qulu Orucov barəsində Cinayət Məcəlləsinin 178.4-cü (Xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə üç şirkət və bir fiziki şəxs zərərçəkmiş şəxs qismində tanınıb. Məlum olub ki, “Orucoğlu Aqro” MMC-nin rəhbəri şirkətlərə müvafiq olaraq 604 min, 190 min və 57 min manat, fiziki şəxsə isə 24 min manat (ümumilikdə 875 min manat) ziyan vurmaqla dələduzluq edib. O, həmin şirkətlərdən külli miqdarda taxıl və digər məhsullar alaraq satıb. Amma Q.Orucov vəd etdiyi kimi əldə etdiyi vəsaitlə həmin malların pulunu ödəməyib.
Araşdırmalar zamanı o da məlum olub ki, şirkət rəhbəri əvvəllər də dəfələrlə dələduzluq əməllərinə görə məsuliyyətə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 mart tarixli hökmü ilə Q.Orucova 11 il həbs cəzası verilib. Ona əlavə olaraq 1 il 6 ay vəzifə tutmaq qadağan edilib. Qulu Orucov cəzasını ciddi rejimli müəssisədə çəkəcək. //Qafqazinfo