01:06

“Rüstəm Usubovu şantaj edib, təzyiq göstərməklə…” – MTN işində yeni ifadə

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Arasdırma.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkən Qulam Bağırov çıxış edib.

O, təqisrləndirilən Sahib Ələkbərovun onun barəsində dediklərini cəfəngiyyat adlandırıb, qanunsuz həbsi zamanı MTN-də başına gələnləri faktlarla sadalayıb.

Sahib Ələkbərov Qulam Bağırovun çıxışı zamanı bir neçə dəfə ona mane olmağa çalışıb, hər dəfə hakim onu nizam-intizama dəvət etməklə çıxışın tamamlanmasına şərait yaradıb.

Zərərçəkən deyib ki, Sahib Ələkbərov travel (səyahət) çeklərin saxta olduğunu əvvələcədən bilərək “Azəriqazbank”a təqdim etdiyini iddia edir: “Bu, yalan məlumatdır. Bu epizodla bağll 2008-ci ildə Səbail rayon Polis İdarəsinin müstəntiqi Ziya Əliyev tərəfindən ədalətli şəkildə araşdırma aparılıb, təqsirli olmadığım müəyyən edilib və barəmdə olan iş üzrə xitam qərarı verilib. Həmin qərarın ləğv olunması isə bu şəkildə baş verib. Həmin dövrdə Azərbaycanın ən böyük tikinti şirkəti olan “AzərTunel”də maliyyə işləri üzrə müdir müavini işləyirdim. Sahib Ələkbərov işlədiyim təşkilatın 100 milyonlarla manat dövriyyəsi olduğunu müəyyən edəndən sonra bu barədə Mövlam Şixəliyevə məruzə edib. Bildirib ki, Qulam Bağırov “AzərTunel”də bütün maliyyəyə nəzarət edir, onu çağırıb hədə-qorxu gələrək pulunu əlindən alacağam.

Sahib Ələkbərov o zaman rəhbəri olan idarə rəisi Mövlam Şıxəliyevə mənim real maliyyə imkanlarımı araşdırmadan yalnış məlumat verib. Sahib Ələkbərov beləcə barəmdə Səbail rayon Polis İdarəsi tərəfindən verilmiş xitam qərarın ləğvinə nail olub. Sahib Ələkbərov məhkəmədə bir neçə dəfə yalandan deyib ki, guya 2009-cu ilin oktyabr ayında mənimlə telefonla danışmayıb. Bu yalan məlumatdır və iş materialları ilə təkzib olunur. Həmin dövrdə Sahib Ələkbərov dəfələrlə mənim telefonuma zəng vurub və məni həbs etməzdən əvvəl 2 dəfə MTN-dəki öz xidməti otağına çağırıb. Hər dəfə otağında olarkən məni həbslə hədələyib və 200 min manat pul tələb edib”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, Sahib Ələkbərov eyni məzmunlu, şantaj xarakterli ifadələri Bakı Hərbi Məhkəməsində həbs olunmazdan əvvəl də verib: “Başına gələcək işi də həbs olunmağında görürdü. 21 senyabr 2022-ci ildə məhkəmə zalında həbs olunub, üstündən 5 ay keçməsinə baxmayaraq, o, dəfələrlə Bakı Apellyasiya Məhkəməsindəki çıxışlarında da əsasən şantajdan istifadə edir. Həqiqət isə budur ki, Sahib Ələkbərovda heç bir material yoxdur və islah olunmaq əvəzinə yenə hədə-qorxu və şantajdan istifadə edir. Hamıya aydındır ki, Sahib Ələkbərov özünü müdafiə etmək üçün bundan sonra da eyni əməllərdən əl çəkməyəcək.

Sahib Ələkbərov deyir ki, guya baş prokurorun müavini Rüstəm Usubov ona təzyiq göstərib. Bu, inandırıcı deyil. Çünki Sahib Ələkbərov öz otağında Rüstəm Usubovdan izahat aldığını dəfələrlə bildirib. Belə qənaətə gəlmək olar ki, MTN-in istintaq idarəsi Rüstəm Usubovun günahlarını ifşa etməklə onu şantaj edərək, pis niyyətlərinə nail olaraq millətdən külli miqdarda, hədə-qorxu ilə pul almaq üçün həmin təzyiq vasitəsi ilə Rüstəm Usubovdan tələb olunan qərarları və təqdimatları almağa nail olublar. Sahib Ələkbərov çıxışında bildirib ki, onda video görüntülər və səs yazıları var ki, onları ortaya çıxarsa faciə baş verəcək.

Sahib Ələkbərov bu ifadəsi ilə bir daha sübut edir ki, o MTN-də yuva salmış mütəşəkkil cinayətkar quldur dəstənin tərkibində olub. Özünü sığortalamaq üçün dəstə tərkibindəki cinayətləri videoya çəkib, səslər yazıb. Onun bu ifadəsi həm də ittihamı sübut edir. Əgər cinayət əməlləri olmayıbsa, MTN istintaq idarəsi Azərbaycan Respublikasının qanunlarına riayət etməklə fəaliyyətdə olubsa, orada müstəntiq işləyən Sahib Ələkbərov niyə özünü sığortalamaq haqda düşünüb gizli videolar çəkib və yaxud səs yazırdı? Sahib Ələkbərov hər iki məhkəmə instansiyasında şantaj xarakterli çıxışlar etməklə özünün də MTN-dəki cinayətkar dəstənin tərkibində olmasını sübut edir. Təsəvvür edək ki, Sahib Ələkbərovda həmin səs yazıları və video görüntülər var və onu ortaya çıxardı. Həmin materiallar bizim məhkəməyə aiddir ya yox, bunu bilmirəm. Fərz edək ki, həmin yazılarla bağlı kimisə cəlb elədilər və o, hansısa ifadələr verdi. Bu zaman o da üzə çıxacaq ki, Sahib Ələkbərovun özü də həmin cinayətlərin içində olub və bu səsli və yaxud video görüntüləri yazıları yazıb. Buyurun aydınlıq gətirin, mən düz deyirəm, yoxsa Sahib Ələkbərov?”.

Qeyd edək ki, hazırda beynəlxalq axtarışda olan Akif Mustafayev də iş üzrə maraqlı şəxs qismində çıxış edir. Onu iclasda nümayəndəsi Cavanşir Hüseynov təmsil edir.

“Akula Akif” ləqəbli, adı mətbuatda Eldar Mahmudovun yaxın adamı kimi tanınan Akif Mustafayev Mövlam Şıxəliyevin və digərilərinin işinə aidiyyəti məsələsi açıqlanmayıb. Zərərçəkənlər bu məsələni qaldırsalar da, hakim hazırlıq iclasında bu məsələyə baxılmadığını bildirib.

Təqsirləndirilən şəxslər onlara verilmiş cəzadan narazı qalıblar və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Zərərçəkmişlər də hökmdən narazı qaldıqlarını qeyd ediblər və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edirlər.

Bir neçə zərərçəkmişin qaldırdığı mülki iddia təmin olunmayıb. Onlar mülki iddianın təmin olunması barədə apellyasiya şikayəti veriblər.

Ətraflı
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onunla birlikdə mühakimə olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il 6 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun barəsində həbs-qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.

Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb.

Həmçinin Mövlam Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.

Bundan başqa, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədov polkovnik-leytenat rütbələri əlindən alınıb.

Mövlam Şıxəliyev, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədova verilmiş orden və medallardan məhrum olunublar.

İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.//teleqraf