09:19

101 azərbaycanlının xilaskarı – Bir fotonun izi ilə…


Bu il ömrünü və bütün fəaliyyətini Azərbaycanın milli azadlıq mücadiləsinə həsr etmiş Məhəmməd Kəngərlinin 110 yaşı tamam olur.

1914-cü ildə Şuşada anadan olan Məhəmməd Kəngərli 14 yaşından etibarən Müsavat Partiyasının Gənc Azər təşkilatının üzvü kimi siyasi proseslərin aktiv iştirakçısına çevrilib. O, Azərbaycan mühacirlərinin lideri, tanınmış həkim, dəyərli alim və cəsarətli vətən sevdalısı idi.


1939-cu ildə SSRİ-Finlandiya müharibəsində iştirak edən, daha sonra II Dünya müharibəsində almanlar tərəfindən əsir götürülərək Azərbaycan legionunda hərbi həkim vəzifəsində xidmət edən Məhəmməd bəy tarixdə həm də 101 azərbaycanlının xilaskarı kimi tanınır.

1942-ci ildə Krım cəbhəsində yaralanaraq almanlara əsir düşən Məhəmməd bəy Berlində müalicə aldıqdan sonra burada Məhəmməd Əmin Rəsulzadə ilə tanış olur. Sonralar o, həm də Məhəmməd Əmin Rəsulzadənin şəxsi həkimi kimi fəaliyyət göstərir.

1946-cı ildə Rəsulzadənin götərişi ilə yaradılan Azərbaycan Demokrat Birliyinə rəhbərlik edir. Birliyin əsas hədəflərindən biri əsir düşmüş azərbaycanlıların SSRİ-yə qaytarılmasının qarşısının alınması və Türkiyəyə keçirilməsi idi. 1947-ci ilin qış aylarında Almaniyada Mittenvald Toplama Düşərgəsində olan 101 azərbaycanlının SSRİ hərbi qüvvələrinə təhvil verilməsinin qarşısının alınması üçün Məhəmməd bəy ABŞ hərbi rəsmiləri ilə görüşlər keçirir. Bundan sonra həmin əsirlər ABŞ-nin nəzarətində olan bölgədə saxlanılır. Tarixə düşən bu addım Almaniya mətbuatında “101-lər edamdan qayıtdılar” başlığı ilə işıqlandırıır.

Sonrakı həyat və fəaliyyəti Türkiyə ilə bağlı olan Məhəmməd bəy ictimai-siyasi və elmi fəaliyyəti ilə Türkiyədə böyük nüfuz qazanır. Hansı sahədə çalışmasından asılı olmayaraq, fəaliyyəti ilə Azərbaycançılıq ideyalarına sadiq qalan Məhəmməd bəy Azərbaycan Milli Mərkəzinin rəhbəri, Azərbaycan Kültür Dərnəyinin rəhbəri kimi çoxşaxəli fəaliyyəti və Ankarada nəşr edilən “Azərbaycan” jurnalında dərc etdirdiyi milli mücadilə ilə bağlı çoxsaylı məqalələri ilə tanınır.

2006-cı il Ankarada dünyasını dəyişən Məhəmməd bəy Karşıyaka məzarlığında dəfn edilib.

Məməmməd bəy mənim əziz dostum idi. Təsadüf nəticəsində olan tanışlığımız daha sonra Azərbaycanla bağlı düşüncələrimizin və elmi fəaliyyətlə bağlı planların birgə müzakirəsi ilə davam etmişdi. Elmi məqaləmin Türkiyədəki dəyərli elmi dərgilərdən birində nəşrinə köməklik edən Məhəmməd bəy mənim kimi hər bir azərbaycanlı üçün əlindən gələn köməyi etməkdən yorulmurdu. Bu günlərdə muxtariyyətin 100 illik tarixi ilə bağlı şəxsi arxivimdə araşdırma edərkən Məhəmməd bəyin vəfatından bir il öncə mənə göndərdiyi məktuba və qovluqlara rastladım. Böyük yanğı ilə yazdığı məktubun hər cümləsi Vətən sevgisi və həsrəti ilə yoğrulmuşdu. Qovluqlardakı sənədləri vərəqləyərkən diqqətimi bir foto cəlb elədi. Foto AMEA-nın müxbir üzvü, Professor Abbas Zamanov və Məhəmməd Kəngərlinin Türkiyənin tanınmış elm xadimləri – professorlar Şükrü Elçin, Dursun Yıldırım, Ahmet Bican Ercilasun, həmçinin Ahmet Karaca və Heydər Atak kimi tanınmış elm adamları ilə birgə Məhəmməd Əmin Rəsulzadənin məzarını zıyarət edərkən çəkilmişdi.

Bu foto qəlbi Azərbaycan eşqi ilə döyünən ziyalıların təqib və qadağalara baxmayaraq sovetlər dönəmində göstərdikləri cəsarətin və milli istiqlal yanğısının ifadəsi idi. Bir şəklin tarixçəsi məni mövzu ilə bağlı kiçik araşdırma aparmağa vadar etdi.

Abbas Zamanovla bağlı edilən araşdırmalara və tədqiqatlara baxdım. Elçinin 2016-cı ildə dərc etdiyi “Abbaz Zamanov: Ədəbiyyat və cəsarət tərcümanı” kitabını vərəqlədim. Kitabda Abbas Zamanovla bağlı xatirələr, onun məqalələri və müsahibələri öz əksini tapmışdı..

Kitabda dərc olunan “Xalq qəzeti”nin müxbiri Əlipənah Bayramovun “O beynəlmiləlçi millətçidir” başlıqlı müsahibəsində diqqətimi müxbirin ona dediyi sözlər çəkdi. Foto ilə bağlı sualıma axtardığım cavabı bu müsahibədə Abbas Zamanovun öz dilindən aldım. Jurnalistin – “Məhəmməd Əmin Rəsulzadənin adını çox az adam tanıyanda siz ilk dəfə onun adını çəkənlərdən olmusunuz, şəklini iş otağınızda başınızın üstündən asmısınız… – fikrinə Abbaz Zamanovun münasibəti çox maraqlıdır.

Dəyərli alimin həyatının ən işıqlı səhifəsi adlandırdığı xatirəsi həmin gündən yadigar qalan fotonun kiçik bir tarixçəsidir: “Lap cavan ikən Moskvada Lenin adına kitabxananın bağlı fondunda Məhəmməd Əminin “Əsrimizin Səyavuşu” əsərini oxumuşam. Sonralar da onun bəzi məqalə və əsərlərini mütaliə etmişəm. Ancaq xalqımızın bu cəfakeş oğlunun məzarını ziyarət etdiyim gün həyatımın ən işıqlı səhifəsidir. Səlcuq Universitetinin fəxri doktoru adını alanda məni Konyaya dəvət etdilər. Yola düşməzdən əvvəl getdim Novxanıya. Atası Hacı Axund Ələkbərin məzarının üstündən torpaq götürdüm. Bir dəstə də Novxanı gülü bağlatdırdım. Ankaranın Əsri qəbirsanlığında Məhəmməd Əminin qəbrinin üstünə həmin torpağı səpdim, solmuş qərənfilləri qoydum. Bu gün Məhəmməd Əmin Rəsulzadənin, ümumiyyətlə Azərbaycanı müstəqil görmək istəyənlərin arzu və ümidləri göyərir”.

Qəlbi vətən həsrəti ilə döyünən, mühacir həyatı yaşayan və Vətəndən uzaqda “Azərbaycan, Azərbaycan, Azərbaycan”, – deyən dillərin arzuları və ümidləri 33 ildir göyərir. Bu ümidlər köklü bir ağaca çevrilir, şaxələnir və kök atır. Artıq heç bir qüvvə bu umidləri yarımçıq qoymayacaq. Azərbaycanımız bütövləşərək bir yumruğa dönəcək, əsrlərlə çəkilən zülmlərə son deyərək irəli, irəli, yalnız irəli gedəcək.

1989-cu ildə çəkilən bu foto isə müstəqillik və azadlıq tariximizin işıqlı səhifəsi kimi tarixə yazılacaq.//medianews.