11:37

58 yaşında vəfat edən Fazil Məmmədovun DOSYESİ

Xəbər verdiyimiz kimi, Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov ötən gecə dünyasını dəyişib.

O, 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib.

1987-1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb. 1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit Texnikumunda müəllim, kafedra müdiri işləyib.

1993-cü ildə "Ünsal" Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib. 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının vergilər naziri təyin edilib. 5 dekabr 2017-ci ildə vəzifəsindən azad edilib.

2007-2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub.

Fazil Məmmədov nazir postundan getdiyindən sonra səhhəti ilə bağlı ciddi problemlər yaşayıb. Onun əvvəlcə qaraciyər serrozundan əziyyət çəkdiyi haqda məlumatlar yayılsa da, sonradan həkimlər onun pankreatit (mədəaltı vəzin iltihabı) xəstəliyindən əziyyət çəkdiyi açıqlamışdılar.

58 yaşlı sabiq nazir ötən gecə dünyasını dəyişib.

Allah rəhmət eləsin!