12:00

Bakıda 9 mərtəbədən hündür binaların tikintisi dayandırılır

Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması nəzərdən keçirilir.

Bunu modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, hündürmərtəbəli yaşayış binalarının tikintisinin dayandırılması üçün plan hazırlanıb.

“Məndə olan məlumata görə, dövlətin bununla bağlı planları var. Plana əsasən, ölkə ərazisində 9 mərtəbədən artıq binalar tikilməyəcək. Azərbaycan və Türkiyə seysmik zonada yerləşdiyi üçün bu cür qərarların verilməsi normal haldır. Həmçinin, binaların tikintisi zamanı elə mexanizm qurulmalıdır ki, Yaponiyada olduğu kimi dağıdıcı zəlzələlərə dözümlü olsun. Bütün bu kimi məsələlərə ciddi nəzarət olunmalıdır, - deyə Vahid Əhmədov bildirib.

Deputat onu da vurğulayıb ki, artıq Bakının Baş planı təsdiq olumalıdır:

“Bu, ona görə lazımdır ki, kim harada gəldi bina tikməsin. Bir neçə il bundan əvvəl Prezident İlham Əliyev bununla bağlı göstəriş vermişdi. Hətta, o zaman mövzu ilə bağlı təqdimat da oldu. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təcili şəkildə Baş planı təsdiq etməlidir. Burada yalnız ev tikintisindən deyil, park və küçə lahiylərinin də hazırlanmasından söhbət gedir. Azərbaycanda binaların zəlzələyə dözümlü olması ilə bağlı nəzarət mexanizminə Fövqaladə Hallar Nazirliyinin (FHN) xüsusi idarələri baxır. Bu işlə məşğul olanlar kifayət qədər təcrübəli insanlardır. Binaların tikintisində mexanizmi elə qurmaq lazımdır ki, heç kim lahiyədən kənara çıxmasın. Aldığım məlumata görə, Azərbaycanda bu istiqamətdə işlər aparıılır” .

Qeyd edək ki, Türkiyədə 45 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra Azərbaycanda hündürmərtəbəli binaların tikintisinin dayandırılması barədə bir çox təkliflər irəli sürülüb.