22:56

15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür


Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Ulu Öndərin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdışı dövlətçilik tariximizin ən parlaq səhifəsidir. Xalqın təkidli tələbi ilə idarəçiliyi üzərinə götürən Ümummilli Lider, adını tarixə müstəqilliyimizin xilaskarı kimi həkk etdirdi. O, Azərbaycanı real parçalanma təhlükəsindən xilas etməklə yanaşı, ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm addımları atdı. Ulu Öndərin gərgin fəaliyyəti və qətiyyətli səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, dövlətçilik üçün böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi və sosial-iqtisadi dirçəlişə yol açan köklü islahatların təməli qoyuldu. Gələcəyə və konkret nəticələrə hesablanmış bu müdrik siyasət sayəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza qarşı davam edən təcavüzünün qarşısını almaq mümkün oldu.

Ulu Öndər müstəqilliyimizin həmin ağır mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi… Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətə saldı, xalq özü saldı”.

Heydər Əliyevin 1993-cü ildə qoyduğu dövlətçilik təməlləri və uzaqgörən strategiya Azərbaycanı addım-addım gücləndirərək tarixi Şanlı Zəfərimizə apardı. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən regionun lider dövlətinə çevrildi.

15 İyun Qurtuluş Günündən başlayan inkişaf yolu, 2020-ci ildə 44 günlük Vətən Müharibəsində qazanılan parlaq Qələbə ilə öz məntiqi zirvəsinə çatdı. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.

Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq-abadlıq işləri, böyük qayıdış prosesi və Azərbaycanın qlobal arenadakı yüksək nüfuzu 15 İyun tarixinin xalqımıza bəxş etdiyi ən böyük reallıqlardır. Milli Qurtuluş Günü sadəcə təqvimdəki bir bayram deyil, o, müasir, müstəqil, qalib və qüdrətli Azərbaycanın rəsmi doğum günüdür. Bu əbədi və sarsılmaz əsər gələcək nəsillərə qürurla ötürülən ən böyük mirasımızdır.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.



Tural Cəfərquliyev
Yeni Azerbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi 110 (Andromed Tibb Mərkəzi) ərazi Partiya Təşkilatının sədri