14:50

“Xanoba” gömrük postu açıldı

Bu gün Azərbaycan-Rusiya sərhədində yerləşən “Xanoba” gömrük postunun yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

Report xəbər verir ki, tədbir iki ölkənin rəsmi şəxslərinin iştirakı ilə baş tutub.

Mərasimdə çıxış edən Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bildirib ki, Rusiya ilə bütün sahələrdə səmərəli və işgüzar əməkdaşlıq qurulub.

Onun sözlərinə görə, ötən il iki ölkənin ticarət dövriyyəsinin dəyəri əvvəlki illə müqayisədə 24% artaraq 3,7 milyard ABŞ dollarına çatıb.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə ölkələrimiz arasındakı səmərəli əməkdaşlıqdan, Azərbaycan tərəfinin yol infrastrukturunun yenidən qurulması, logistika imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Ş.Mustafayev “Xanoba” sərhəd-buraxılış məntəqəsinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi, yükdaşımaların artırılması, nəqliyyat və sərnişin axınının səmərəli tənzimlənməsi üçün əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.

Hökumət rəsmisi əlavə edib ki, Azərbaycan Şimal-Cənub dəhlizi ilə yükdaşımaların illik həcminin 15 milyon tona çatdırılmasına hazırdır:

“Bu artım iki ölkə arasında logistikanı inkişaf etdirəcək”.