10:27

Azərbaycanlı nazirlər səhəri yeni qaçış zolağında açdılar - FOTO

Böyükşor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub.

“Report”un məlumatına görə, açılışda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, atletlər Nazim Babayev, Yekaterina Sarıyeva, paralimpiya çempionu Lamiyə Vəliyeva, idman səfirləri Aynur İmanova ilə Aliyə Paşayeva da iştirak ediblər.

Sakinlərin və idmançıların gündəlik qaçışlar etmələri, yüngül atletikayla məşğul olmaları üçün nəzərdə tutulan iki zolaqdan ibarət, uzunluğu 725, eni isə 2,40 metr olan qaçış yolu xüsusi örtük materialından istifadə edilməklə quraşdırılıb.
Qaçış cığırı Gənclər və İdman Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə istifadəyə verilib.

Muxtar Babayev Böyükşor gölü ətrafında yaranan bu imkanın əhali üçün yaxşı fürsət olduğunu düşünür:

“Qaçış üçün meydançanı tez bir zamanda İdman Nazirliyi ilə birlikdə istifadəyə verdik. Belə bir təşəbbüsə, dəstəyə görə gənclər və idman nazirinə təşəkkür edirəm. İnanırıq ki, buraya gələnlərin sayı çox olacaq və bu gözəl idman növü ilə daha çox insan məşğul olacaq”.

Azərbaycan millisinin voleybolçusu və idman səfiri Aynur İmanova çıxışında bütün parklarda belə cığırların olmasını arzulayıb:

“Təkcə idmançılar yox, əhali də gəlib idmanla məşğul ola bilsin”.

Atlet Nazim Babayev isə təşəbbüsə görə gənclər və idman nazirinə təşəkkür edib:

“Parklarda belə qaçış cığırlarının olması insanların daha çox idman etmələrinə kömək olacaq”.

Azərbaycanlı nazirlər səhəri yeni qaçış zolağında açdılar - FOTO