12:32

Alimpaşa Məmmədov oğluna 188 manata necə şirkət alıb? – Sabiq icra başçısının məhkəməsində ŞOK rəqəmlər – VİDEO

Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonunun keçmiş icra başçısı Alimpaşa Məmmədovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının elanı başa çatıb. Dövlət ittihamçısı Şəmkir rayonunun mərkəzi küçələrinin asfalt örtüyü ilə təmin olunması istiqamətində ayrılan vəsaitlərin necə mənimsənilməsini soruşub.

Bəlli olub ki, Şəmkir rayonunun mərkəzi küçələrinin asfalt örtüyü ilə təmin edilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən 318 min, yaşayış binasının tikintisindən isə 516 min manat vəsait mənimsənilib. Nəticə etibarı ilə yaşayış binasının tkintisi yarımçıq saxlanılıb. Sabiq icra başçısı mütəxəssis olmadığından rayonun asfalt örtüyü ilə təmin edilməsi istiqamətində ayrılan vəsaitlərin necə xərcləndiyini tam izah edə bilməyəcəyini deyib. O da bəlli olub ki, müxtəlif MMC-lərə dövlət büdcəsi hesabına odun və dizel yanacağının tədarükü ilə bağlı vəsait ayrılıb. Lakin vəsaitlər nağdlaşdırlsa da, istiqamət üzrə xərclənməyib. Bəzi şəxslər isə könüllü olaraq məhkəməyə qatılıb.
Məhkəmədə Şəmkir Bələdiyyəsinə məxsus Ağ Dağlar adlanan ərazidə ümumi dəyəri 1 mln 135 min manat olan “Natural Su” və ya başqa adı ilə desək, “Natural Cem” MMC-nin 188 manata Alimpaşa Məmmədovun oğlu Adil Əilzadənin adına keçirildiyi üzrə fraqment də araşdırılıb. Sabiq icra başçısı qeyd edib ki, sözügedən MMC kredit hesabına yaradılıb. Bələdiyyənin tabeliyinə verilməsi isə sadəcə formal xarakter daşıyıb. Müəssisənin tikintisi üçün Sahibkarlığa Kömək Milli Fondundan kredit ayrılması məhz Alimpaşa Məmmədovun səyi nəticəsində mümkün olub. Sonradan sabiq icra başçısı krediti ödəyə bilmədiyini anladıqda həmin müəssisəni Tahir adlı sahibkara borcun ödənilməsi şərti ilə verib.

Bundan başqa, prosesdə ayrı-ayrı şəxslərin adına olan 221 min manat pulun da mənimsənilməsi faktı üzə çıxarılıb. Alimpaşa Məmmədov ona qarşı irəli sürülən ittihamların əksəriyyəti ilə razılaşıb. Növbəti məhkəmə prosesi dekabrın 15-i saat 16-da keçiriləcək.