Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qaydaları" elektrik şəbəkəsinə qoşulmanın hüquqi əsaslarını müəyyən edir. Qaydalara əsasən, tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması üçün müvafiq sənədlər, texniki şərtlər və qanunvericiliyin tələblərinə uyğun prosedurlar yerinə yetirilməlidir.Kağız üzərində hər şey aydındır. Bəs reallıq necədir?
Resmixeber.info xəbər verir ki,bu gün Azərbaycanın əksər bölgələrində eləcə də Bakı şəhərində kənd təsərrüfatı təyinatlı torpaqlarda, neft fonduna aid ərazilərdə və digər qanunsuz tikililərdə insanların elektrik enerjisindən istifadə etdiyi sirr deyil.Bu faktları görmək üçün xüsusi araşdırmaya belə ehtiyac yoxdur. Həmin evlərdə işıq yanır, elektrik sayğacları işləyir və insanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarından sonra sənədsiz ev tikərək elektrik enerjisindən istifadə edirlər.Burada isə haqlı sual yaranır: əgər qanun buna imkan vermirsə, həmin evlər elektrik şəbəkəsinə hansı hüquqi əsaslarla qoşulur? Bu sual təkcə vətəndaşları deyil, dövlət qurumlarını da düşündürməlidir.
Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, sənədsiz tikililərin elektrik şəbəkəsinə qoşulması üçün bəzi hallarda qeyri-rəsmi ödənişlər tələb edilir. Bu iddiaların məbləği və digər detalları rəsmi qaydada təsdiqlənməyib, amma reallıqda mümkündür və əraziyə görə qiymətlər fərqlidir. Bu, təkcə korrupsiya deyil, həm də dövlətin qəbul etdiyi qaydaların nüfuzuna zərbədir.Əgər qanun hər kəs üçün eynidirsə, niyə qanuni sənədi olmayan minlərlə tikili elektrik enerjisi ilə təmin olunur, bu qoşulmalar qanunsuz həyata keçirilirsə, onları kim həyata keçirir,qanun pozulursa, buna görə indiyədək neçə nəfər məsuliyyətə cəlb olunub, bütün proses qanunidir, onda bu tikililər hansı sənədlər əsasında şəbəkəyə qoşulub? Bu sualların cavabı cəmiyyət üçün böyük əhəmiyyət daşıyır."Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovun diqqətinə ünvanlanan əsas sual da məhz budur. Ölkənin müxtəlif bölgələrində,eləcə də Bakı şəhərində qanuni statusu mübahisəli olan tikililərin elektrik şəbəkəsinə qoşulması barədə yayılan məlumatlardan rəhbərliyin xəbəri varmı?Əgər xəbəri yoxdursa, bu qədər geniş miqyaslı proses necə baş verir və daxili nəzarət sistemi niyə bunu aşkar etmir, həmin qoşulmaların hüquqi əsası nədir və ictimaiyyətə niyə açıqlanmır?Cəmiyyət cavab gözləyir. Çünki qanun yalnız qanuni sənədi olan vətəndaşa tətbiq edilib, qanunsuz tikililər üçün fərqli mexanizm işləyirsə, bu, hüquqi bərabərlik prinsipinə dair ciddi suallar doğurur. Mövzu ilə bağlı "Azərişıq" ASC-nin rəsmi mövqeyini dərc etməyə hazırıq.
//mediatvaz.com

