Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədlinin məsciddə Mütləq Döyüş Çempionatını (UFC) izləməsini əks etdirən görüntülər hələ də gündəmdədir. Müzakirələr zamanı bildirilir ki, bu cür çempionatlar, döyüş növləri İslam dinində icazəli deyil.
İlahiyyatçı Tural İrfan da bu barədə Pravda.az-a açıqlamasında deyib ki, "Qurani-Kərim"də insana zərər verən, xəsarət yetirən, sağlamlığına ziyan vuran vasitələr və qumar oyunları haram edilib.
İlahiyyatçı bildirib ki, İslam alimləri də başqalarına və ya insanın özünə ciddi fiziki zərər vuran qaydasız döyüşləri caiz hesab etmirlər: “Dinin əsas məramı insanın mənəvi və fiziki sağlamlığını qorumaqdır. İnsan bədəni bizə Allahın əmanətidir və ona bilərəkdən zərər vermək böyük günah sayılır. Xüsusən, üzə zərbə vurmaq İslamda qəti qadağandır. Məhəmməd Peyğəmbərin hədislərində insanın və ya başqa bir canlının üzünə vurmaq, sifəti şikəst etmək qəti şəkildə qadağan edilir. Bir hədisdə qeyd edilir ki, Peyğəmbər bir şəxsi heyvanın üzünə vurarkən gördü və onu ciddi şəkildə danladı, istər insan, istərsə də heyvana qarşı bu işi görənlərin lənətlik olduğunu buyurdu. Qaydasız döyüşlərdə başa və üzə vurulan zərbələr də bu qadağaya daxildir. Eyni zamanda, bu döyüşlərdə beyin silkələnməsi, ağır travmalar, şikəst olma və hətta ölüm riski daha yüksəkdir. İslam isə təhlükəli idman növlərindən uzaq durmağı əmr edir. Bununla yanaşı belə səhnələrdən əsasən qumar və pul qazanmaq məqsədi ilə istifadə olunur. Qaydasız döyüşlər ətrafında qumar, mərc oyunları geniş yayılıb. Alimlər insan bədənini və qanını pul qazanmaq vasitəsinə çevirməyi də doğru hesab etmirlər. Həmçinin Əhli-beyt imamları qaydasız mərc döyüşlərini və heyvan döyüşdürməyi qadağan edib. Onlar bildiriblər ki, mərc, pul qoyuluşu edilən hər hansı döyüş qumar sayılır. Həmçinin heyvanların bir-birinə xəsarət yetirməsinə səbəb olmaq canlılara zülm hesab edilir. İslamda pul və ya qiymətli əşya qoyaraq edilən hər cür yarış və döyüş qumar sayılır. "Qurani-Kərim"in "Maidə" surəsinin 90-cı ayəsində qumarın Şeytan əməli olduğu vurğulanır. İmamlar qumar vasitəsilə qazanılan gəlirin haram olduğunu bildiriblər. Belə işlərin yayılması və təbliğ olunması da həmçinin. Onlar insanları bu cür asılılıq yaradan və kin-küdurətə səbəb olan, udan və uduzanın pərəstişkarları arasında nifaqa, münaqişəyə səbəb olan əməllərdən çəkinməyə çağırıblar. Nəinki insanların, imamlar hətta heyvanların, xoruz, qoç, it və s. əyləncə və ya pul məqsədilə döyüşdürülməsini qəti şəkildə qınayıblar. İslamda insanlara, heyvanlara mərhəmət göstərmək əsasdır. Əhli-Beyt fiziki inkişafa, güləşə, oxatma və atçılıq kimi idman növlərinə icazə verib. Lakin bu idmanlar yalnız sağlamlıq və bacarıq artırmaq məqsədilə olmalıdır. Onlar döyüşün mərc və canlılara əziyyət vermək, yəni qaydasız döyüş formasını haram ediblər. Xüsusən, bu cür haram və qadağan olunan əməllərə insanları təşviq etmək, başqa məqsədlər üçün istifadəyə meyillənmək daha ağır mənəvi məsuliyyət doğuran amillərdəndir. Gərək din xadimləri, ilahiyyatçılar İslamın bu həqiqətlərini bilsinlər və cəmiyyəti düzgün maarifləndirsinlər. Cəmiyyəti çalxalayan, ziddiyyət və ayrı-seçkiliyə səbəb olan, eyni zamanda dində haram və yasaq olan əməllərə yol verməsinlər, xarici təsirlərə uymasınlar. Ən əsası isə xurafatdan uzaq olub tolerantlığımıza xələl gətirən, həmrəyliyimizə zərbə vuran niyyətlərin reallaşmasına imkan verməsinlər”.

