Redaksiyamıza Xəzər rayonu, Qoşaqışlaq kəndində yerləşən 122 saylı orta məktəblə bağlı valideynlərdən çox ciddi və narahatlıq dolu müraciətlər daxil olub.
Valideynlər yazırlar ki, məktəbin kollektivindən, müəllimlərin yüksək peşəkarlığından çox razıdırlar. Müəllimlər o qədər mükəmməl dərs keçirlər ki, şagirdlərin repetitora ehtiyacı belə qalmır. Lakin mayın 20-də məktəb rəhbərliyi valideynlərə çox acınacaqlı bir xəbər verib: məktəbin bağlanacağı və şagirdlərin mayın 26-dək təcili şəkildə digər məktəblərə yer dəyişmə etməli olduğu bildirilib.
Burada acınacaqlı vəziyyət təkcə məktəbin bağlanması deyil, həm də kəndin infrastruktur problemidir. Qoşaqışlaq kəndinin əhalisi çox olsa da, kəndin daxilinə heç bir marşrut xətti işləmir! Onsuz da bu vaxta qədər 10-11-ci sinif şagirdlərini valideynlər öz şəxsi vəsaitləri və xərcləri hesabına birtəhər başqa kənd və qəsəbələrdə oxudurdular. İndi isə Elm və Təhsil Nazirliyi bütün uşaqları eyni vəziyyətə salır. İbtidai sinif şagirdləri, azyaşlı uşaqlar qışda, qarda-yağışda nəqliyyat olmayan kənddən başqa məktəblərə necə gedib-gələcəklər?
Dövlətimizin təhsilə bu qədər investisiya qoyduğu, yeni məktəb binaları tikdiyi bir dövrdə, Elm və Təhsil Nazirliyinin mövcud məktəbi qapatmaq qərarı anlaşılan deyil. Təhsil müəssisələrinin sayını artırmaq, problemləri həll etmək əvəzinə niyə ixtisara əl atılır? Nazirliyin bu qərarı yüzlərlə şagirdin təhsil hüququnu və təhlükəsizliyini birbaşa riskə atır.
Elm və Təhsil Nazirliyindən bu absurd qərardan geri dönmələrini, valideynlərin və uşaqların səsinə səs vermələrini tələb edirik! Məktəb bağlanmamalı, kənd uşaqları təhsildən məhrum edilməməlidir!
//Jalə Əsədova

