11:10

Naxçıvanda daha bir qadağa ləğv olundu – FOTOLAR

Naxçıvan MR-nın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun təndirdə çörək bişirməklə bağlı MR-da qoyduğu qadağa ləğv olunub.

Bu haqda MR-nın rəsmi dövlət qəzeti olan “Şərq qapısı” məlumat yayıb.

Xəbərdə bildirilir ki, Naxçıvanda, demək olar ki, təndirdə çörək bişirilmədiyi üçün bu adətlər də unutdurulmuşdu. Amma dəyişikliklərdən sonra bir çox ailələr təndir çörəyi bişirə bilirlər. Sədərək rayonunun Sədərək kənd sakini Mehbarə Hüseynova deyir ki, ailə təsərrüfatçısı olmasına baxmayaraq, təndirdə çörək bişirməsinə icazə verilmirdi:

“Uzun illərdir, ailə təsərrüfatı ilə məşğul oluram və muxtar respublikada keçirilən bir çox festivallarda iştirak etmişəm. Analarımızdan, nənələrimizdən bizə miras qalan, ənənəmizə xas olan təndir adətləri var. Əvvəllər, gördüyünüz bu məhəllədə hamı bir təndirəsərə toplaşar, çörək bişirərdi, həmin gün bizlər üçün bayram olardı. Lakin sonradan kəndlərdə təndirdən istifadəyə qadağa qoyulmaqla bu adət-ənənə zorla unutduruldu. Bəhanə gətirildi ki, təndirin tüstüsü ətraf mühiti korlayır, tələbatı ödəmək üçün isə çörək sexləri fəaliyyət göstərir.

Halbuki bu, ənənəyə zidd bir addım idi. Artıq çörək bişirə bilmədiyimiz üçün məcbur olub mağazalardan çörək alırdıq. Təbii ki, həmin çörəklər min bir zəhmət və həvəslə təndirdə bişirdiyimiz çörəklərin ətrini, dadını vermirdi, keyfiyyətcə aşağı olurdu. Son zamanlarda baş verən məlum hadisələrdən sonra artıq rahat şəkildə təndirimizi yandıra, çörəyimizi bişirə bilirik”.

Nazilə Əliyeva isə deyir ki, vaxtilə kənd camaatı bir yerə yığışaraq həm çörək bişirir, həm də bir-biri ilə hal-əhval tuturdu. Tətbiq edilən “qaydalar”dan sonra bəzən aylarla qonşularımızı görmürdük. Bu həm də insanlar arasında soyuqluq yaradırdı. Hətta bəzi insanlar təndirlərini doldurub, ləğv ediblər. İndi isə artıq rahat şəkildə təndirdə çörək bişirə bilirik. Kimsə gəlib tüstünün çıxmasına görə bir söz demir.

Kənd sakini Röya Abbasova isə deyir ki, hər təndirin dilini öz sahibi bilər: “Təndirlər müxtəlif olur. Burada çörək bişirmək bir qədər çətin və ustalıq tələb edən işdir. Bunu hər adam bacarmır. Zaman keçdikcə bu ənənə ləğv olunmuşdu, daha doğrusu, bizim təndir başında toplanmağımız qadağa idi. Səbəbi əsassız olsa da, deyirdilər, tüstü ekologiyanı korlayır. Biz də məcbur olub təndirdə çörək bişirməyi tərgitmişdik, mağazadan alırdıq”.

Naxçıvanda daha bir qadağa ləğv olundu – FOTOLAR